RU
Prezidentdən daha bir islahat anonsu - “Bu, yalnız başlanğıcdır”
23:46
2907

Prezidentdən daha bir islahat anonsu - “Bu, yalnız başlanğıcdır”

"Biz islahatları davam etdirəcəyik".

İqtisadi.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir.

Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm".

Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirən dövlət başçısı qeyd edib ki, bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi: 

"Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz "Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik".

Prezident İlham Əliyev bildirib ki, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var: 

"Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ