27 sentyabrda ölkəmizdə 2-ci Qarabağ müharibəsi başlandı və bu müharibə 44 gün davam etdi. 10 noyabrda müharibə bizim qələbəmizlə, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə başa çatdı. 2800-dən artıq oğullarımız vətən uğrunda şəhid oldu, nə qədər oğullarımız vətən uğrunda qazi oldu. Bu 44 gündə biz də həyatımızın ən ağır günlərini yaşadıq. Əsgərlərimiz işğal olunmuş torpaqlarımızı bir-bir azad etdikcə gözlərimiz sevincdən yaşardı, qürur duyduq, amma əsgərlərimizin şəhid olması xəbərini eşidəndə göz yaşımız sel kimi axdı.
Bu 44 gündə bir gözümüz ağladı, bir gözümüz güldü. Şəhidlərimizin bir neçəsi əsgərliyə getməmişdən qabaq rəqs elədiyi videolarla, bəziləri isə ifa etdiyi mahnı ilə əbədi olaraq yaddaşımıza köçdü. Xudayar Yusifzadə kimi. Xudayar Yusifzadə "Vətən yaxşıdır” mahnısı ilə hər kəsin ürəyinə yol tapdı, kədərli səsi, şirin təbəssümü ilə qısa zamanda sevildi. Mənə görə Xudayar bu mahnını bütün əsgərlərin əvəzindən oxuyur. O bu mahnı ilə sanki əsgərlərimizin ürək sözlərini dilə gətirir. "Vətən yaxşıdır” deyə-deyə bu torpaq uğrunda canını qurban verənlər əbədi olaraq o vətənin-torpağın qoynuna köçdülər.
Hər dəfə Xudayarın ifasını dinləyəndə kövrəlirəm, gözlərim dolur. Bir daha başa düşürəm ki, vətən üçün canlarını fəda edənlər özüm də bilmədən mənə doğmalaşıb. ürəyimdə özünə əbədi yer edib. Onlar şəhid olub vətən torpağına döndülər. Vətənin azad nəfəs alması üçün şəhidlik zirvəsinə ucaldılar. Əbədi olaraq o zirvədən vətən torpağına boylanacaqlar.
Gültən Qədirli