RU
Xarici borclar bir müddət dövlət büdcəsinə yük olaraq qalacaq - EKSPERT
13:17
17

Xarici borclar bir müddət dövlət büdcəsinə yük olaraq qalacaq - EKSPERT

Maliyyə Nazirliyi xarici dövlət borcunu açıqlayıb. Rəqəmlərdən görünən odur ki, dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılması dövlət büdcəsinin ağır yüklərindən biri olaraq qalmaqdadır. Bu problem neçə illərdir ki, həll olunmur. Ümumiyyətlə, hökumətin xarici borclanma siyasəti nə dərəcədə düzgündür?


İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, dövlət borcunun olması o vaxta qədər böyük problem deyil ki, ümumidaxili məhsulun mühüm bir hissəsini, yəni 70-80 faizini əhatə eləməsin. AFN-ə açıqlamasında ekspert bildirdi ki, rəsmi dövlət borcu ÜDM-nin 25 faizini əhatə edir: "Hazırda başqa bir problem var və bu dəfələrlə qaldırılsa da, Maliyyə Nazirliyi, hökumət buna fikir vermir. Söhbət ondan gedir ki, bizdə dövlət borcu ilə paralel dövlət şirkətlərinin də dövlətin zəmanəti ilə aldığı borclar, kreditlər var. Onların da həcmi kifayət qədər yüksəkdir. Təkcə elə SOCAR-ın aldığı kreditlərin həcmi 9 milyard dollar civarındadır. Bu, artıq problemdir. Çünki SOCAR-dan başqa "Azərenerji”, AZAL-ın və digər dövlət şirkətlərinin də kreditləri var və bunun dövlət borcu kimi hesablanmaması çaşqınlıq yaradır. Sanki dövlətin birbaşa aldığı borcların həcmi göstərildikdə bu, daha az görsənir, ÜDM-in cəmi 25 faizi civarında görünür. Ancaq əslində beynəlxalq parktikada da göstərilir ki, dövlət zəmanəti ilə götürülmüş kreditlərin hamısı dövlətin borcu, öhdəlikləri kimi qeyd edilməlidir. Belə hesablamalar aparılsa, müəyyən təhlükəli həddə yaxınlaşmış oluruq. Yəni, borcların cəmi ÜDM-in 50 faizindən yuxarı təşkil edir. Bu, artıq təhlükəli bir həddir. Çünki bir müddət bu templə davam etsək, ÜDM-in 70-80 faizinə çatsaq, bu müəyyən dərəcədə ciddi problemlər yaradır”.



Ekspertin fikrincə, ikinci bir məsələ ondan ibarətdir ki, dövlət büdcəsi hər il təqribən 2-2,2 milyard manata yaxın vəsaiti hələ bir müddət dövlət borcunun qaytarılması üçün ayrılacaq: "Keçən il 1,7 milyard manat vəsait dövlət büdcəsindən nəzərdə tutulmuşdu. Bunlar artıq dövlət büdcəsinə yük olmağa başlayır. Bu problemin bir günə həlli yoxdur. Neft Fondunda olan vəsaitdən istifadə edib bir günə də borcları qaytara bilərik. Ancaq bunun effektiv bir yol olduğunu düşünmək doğru deyil. Çünki Neft Fondu zəifləsə, tamamilə o resurslardan istifadə etsək, o zaman dövlət büdcəsinin formalaşmasında da problemlər yaranır. Bundan çıxış yolu kimi borclanmanı çox sərtləşdirmək lazımdır. Yəni hökumət orqanlarına, dövlət şirkətlərinə xarici borclara çıxış imkanları daha sərt şərtlərlə olmalıdır. Ayrılan vəsait doğru istiqamətə xərclənsin, gəlir gətirsin, əlavə dəyərlər yaratsın. Onlar olmadıqca əlavə yük olaraq dövlətin boynunda qalır”.

Hökumətin xarici borclanma siyasətinin nə dərəcədə uğurlu olduğuna gəldikdə isə ekspert deyir ki, əslində xarici borclanma, baxır faizlərə, müddətə, layihələrə: "Bunu birmənalı şəkildə pisdir, yaxud yaxşıdır demək olmaz. Elə ölkələr var ki, ÜDM-dən daha çox xarici borcu var, məsələn, Yunanıstanda borc az qala ÜDM-in üç qatıdır. Bir çox Avropa ölkələrində, İtaliyada borc ÜDM-dən çoxdur. Ancaq söhbət onun geri qaytarıla bilmə forması və müddətindən gedir. Böyük ölkələrin, Avropa Birliyinə daxil olan ölkələrin arxasında Avropa Mərkəzi Bankı durduğundan onların götürdüyü kreditlər o qədər də təhlükəli sayılmır. Çünki biz Yunanıstanın timsalında bunu gördük, onun yerinə Avropa Birliyi bu borcların bir qismini sildi. Azərbaycan belə birliklərdə təmsil olunmur və o zaman borclanma siyasətinə daha konservativ yanaşmalıdır”.

İqtisadçının sözlərinə görə, son vaxtlar kreditlərin artmasına səbəb Cənub Qaz Dəhlizi layihəsi olub: "Çünki TANAP, TAP, "Şahdəniz-2" layihəsini həyata keçirmək üçün kifayət qədər borclandı, kredit götürməyə məcbur oldu. Ona görə də kreditlərin geri qaytarılma müddəti, faizləri, qoyulan vəsaitlərin gətirəcəyi gəlir hesablanmalıdır və qoyulan investisiyalar faizdən çox gəlir gətirirsə, o zaman kreditin bir təhlükəsi yoxdur. Azərbaycan elə bir layihələr təşkil edə bilər ki, daha çox gəlir gətirsin və faizi ödədikdən sonra pul da qazansın. Təəssüf ki, hələ o mərhələyə çatmamışıq. Hələ ki, götürdüyümüz kreditlər, qoyduğumuz vəsaitlərin geri dönüşü o qədər təmin edilməyib. Ona görə də bir müddət dövlət büdcəsinə yük olaraq qalacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ