2021-ci ilin sonu, 2022-ci ilin əvvəlinə iqtisadiyyatımızda nə baş verəcək?
12:41
144

2021-ci ilin sonu, 2022-ci ilin əvvəlinə iqtisadiyyatımızda nə baş verəcək?

Bu ilin 8 ayının makroiqtisadi rəqəmi yəni ümumdaxili məhsulun artımı 4.8 faizidir və bu kifayət qədər yüksək faizdir.

Milli Məclisin deputatı Rüfət Quliyev deyib.


"Bu onu göstərir ki, Azərbaycan artıq postpandemiya iqtisadiyatını tam qurur və 2019-cu ilin makroiqtisadi göstəricilərini də keçəcək. Deyə bilərəm ki, illik proqnoz ümumdaxili məhsulun 4.2 faizidir, qeyri-neft sektorunda isə 5.7 faizidir. Bu da onu göstərir ki, biz sürətlə qeyri-neft sektorunu artırırıq və qeyri-neft sektorunun iqtisadi tendlərin artımı ümumdaxili məhsulun artımını üstələyir. Azərbaycan iqtisadiyatında ən önəmli rəqəmlərdən də biri budur. Bu inflyasiyanın 4 faiz civarında saxlanması və kiçik və orta biznesin inkşafı deməkdir".

"Bizim 5 illik plana əsasən 2025-ci ildə orta və kiçik biznesin qeyri-neft sektorunda payı 35 faizi keçməlidir. Bu da onu göstərir ki, bizim strateji kursumuz kiçik və orta biznesin inkişafıdır" - deputat fikirlərinə əlavə edib:

"Beynəlxalq qurumlar tərəfindən bizim rəqəmlər üst-üstə düşür. Qeyd edim ki, proqnozlarımız özünü doğrultsa, 2021-ci ilin axırında, 2022-ci ilin əvvəlinə biz öz iqtisadiyyatımızı koronavirus pandemiyasından əvvəlki dövrdə olan səviyyədən də yüksəyə qaldıracağıq. Nəzərə almaq lazımdır ki, Qarabağ regionunun ikişafı var, böyük layihələr gedir. Qarabağ özü bir nəhəng tikinti meydançasıdır, orada bu işlər sürətlə həyata keçirilir. Xarici ekspertlər, Azərbaycanda olan mövcud diplomatik korpuslar, jurnalistlər bunu qeyd edir. Prezidentin düzgün sosial-iqtisadi proqramı ilə inkişaf davam edir”.

 


Qeyd edək ki, İqtisadiyyat nazirinin iştirakı ilə bu ilin oktyabrın 6-da keçirilən "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusundakı tədbirdə İqtisadiyyat naziri Milli Prioritetlərin reallaşdırılması çərçivəsində "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlandığını, sənədin yaxın zamanlarda İqtisadi Şurada müzakirə ediləcəyini bildirib. Strategiyanın həyata keçirilməsi 4 başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq, iqtisadi idarəetmə daha da təkmilləşdiriləcək. Qeyd edilib ki, həyata keçiriləcək tədbirlər nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 4,2 faiz, qeyri-neft ÜDM-in orta illik real artım tempi isə 5,2 faiz proqnozlaşdırılır. 2025-ci ilədək qeyri-neft ixracının 2 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də KOB-ların payının isə 35 faizə çatdırılması hədəflənir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, cari ildə ÜDM-in real artım tempinin 4,8 faiz olacağı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ