Bakıda Hesablama Palatasının ev sahibliyi ilə ECOSAI-ın toplantısı keçirilir
15:18
151

Bakıda Hesablama Palatasının ev sahibliyi ilə ECOSAI-ın toplantısı keçirilir

Dekabrın 6-da Bakıda Hesablama Palatasının ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci toplantısı keçirilir.


Toplantının ilk günü əvvəlcə ECOSAI-ın İdarə Heyətinin və Təlim Komitəsinin toplantısının iştirakçıları Fəxri xiyabanda olub, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, ECOSAI-ın üzv Ali Audit Qurumları (AAQ) üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin region üzrə ümumi fəaliyyətlərdə verdiyi töhfə barədə məlumat verib.

ECOSAI-ın prezidenti olan Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin üzvü Nurlan Nurcanov toplantının ümumi məqsədi barədə danışıb və toplantı iştirakçısı olan ali audit qurumlarını 2022-ci ilin avqust ayında keçiriləcək ECOSAI-ın Assambleyasına dəvət edib.

Toplantının qəbul edilmiş gündəliyinə əsasən ECOSAI-ın Baş katibinin 2019-2020-ci illər üzrə fəaliyyət hesabatı və 2019-2020-ci illər üzrə ECOSAI-ın illik hesabatları təqdim edilib.

ECOSAI-ın Təlim Komitəsinin 20-ci toplantısında isə Komitənin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri ilə bağlı Pakistan AAQ-nın məlumatı dinlənilib, üzv Ali Audit Qurumları arasında imzalanmış anlaşma memorandumları haqqında, ECOSAI-ın təlim fəaliyyətləri və rəsmi internet səhifəsində xəbərlərin yerləşdirilməsi barədə müzakirələr aparılıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantı iştirakçılarına səmərəli əməkdaşlıq üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, 1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kurslarının keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.

Hesablama Palatası 2002-ci ilin sentyabrından ECOSAI-ın, 2016 və 2019-cu illərdə isə 3 illik müddətə təşkilatın İdarə Heyətinin üzvü seçilib.

AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ