RU
Bank sektoru bir müddət də pandemiya ilə mübarizə aparacaq – EKSPERT
14:40
3107

Bank sektoru bir müddət də pandemiya ilə mübarizə aparacaq – EKSPERT

 

"Ötən il bank sektorunda müsbət meyllər də az deyil: banklar kapitalı 2,5% artıb, filial şəbəkələri 439-dan 455-ə yüksəlib, işçilərin sayı isə 18391-dən 18708-ə artıb”. 

İqtisadi.Az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, "Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.

Bu meyllərin məhz bankların fəaliyyətindən qaynaqlandığını görməyin xoş olduğunu deyən ekspertin fikrincə, ancaq təhlil edəndə bəzən bu meyllərin dövlətin dəstəyi hesabına yarandığını görmək mümkündür:



"Məsələn, bankların xalis mənfəəti əvvəlki illə müqayisədə 5,8% artıb. Halbuki bu müddətdə cəmisi 7 bankın xalis mənfəəti artıb, bir bank isə sadəcə zərərini azalda bilib. 18 bankın xalis mənfəətində isə azalma qeydə alınıb. Xalis mənfəətin artmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın həcminin əhəmiyyətli dərəcədə azalması (60%) olub. Çünki 2019-cu illə müqayisədə bankların əməliyyat mənfəəti 5,3% azalıb. Xüsusi ehtiyatların həcminin azalması isə dövlətin dəstək planı nəticəsində kreditlərin restrukturizasiyası və aktivlərin təsnifləşdirilməsi tələblərinin nisbətən yumşaldılması ilə bağlıdır”.

Qeyd edək ki, məqalədə pandemiyanın bank sektoruna təsirini qiymətləndirmək üçün 2020-ci ilin göstəricilərinə nəzərə salınıb. Bu qiymətləndirmə daha çox ilkin təsirləri əhatə edir. Çünkü pandemiya hələki bitməyib. 

Bu məsələyə toxunan S.Əliyev, artıq 2021-ci ilin 4 ayının geridə qaldığını, pandemiyanın isə həm insanlara, həm də iqtisadiyyatlara zərər vurmaqda davam etdiyini vurğulayıb. 

Onun sözlərinə görə, pandemiyanın səhiyyəyə tam məğlub olacağı gün hələ də dəqiq bilinmir: 

"Deməli, bank sektoru bir müddət pandemiyanın fəsadları ilə mübarizə aparmalı olacaq. Karantin məhdudiyyətlərinin yumşaldılması fonunda iqtisadi aktivliyin artması bank sektorunda da müəyyən canlandırma yaradıb. Bankların kredit qoyuluşunda və depozit cəlbində cüzi də olsa artım meylləri müşahidə olunur. Qarşıda isə banklarımızı pandemiyadan başqa texnoloji çətinliklər də gözləyir. Rəqəmsal valyutaların tətbiqinin aktuallaşması bank sektorunu pandemiya və neft amilindən də ağır sınaqlarla üzləşdirə bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ