RU
“Şuşa bəyannaməsi”ndə Azərbaycan-Türkiyə iqtisadi yürüşü- Fikrət Məmmədov yazır
09:30
1629

“Şuşa bəyannaməsi”ndə Azərbaycan-Türkiyə iqtisadi yürüşü- Fikrət Məmmədov yazır

"Şuşa bəyannaməsi”ndə Azərbaycan-Türkiyə iqtisadi yürüşü
"Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Şuşada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra səsləndirib. Bununla, Azərbaycanın dövlət başçısı regionda daha bir qeyri-adi nəqliyyat sisteminin yaradılması məsələsinə öz möhürünü vurub. 
İki dövlət başçısı arasında imzalanan bu tarixi bəyannamə Azərbaycanla Türkiyənin müttəfiqliyinin yalnız hərbi sahəyə əsaslanmadığını, eyni zamanda regionun iqtisadi güclənməsi istiqamətində birgə fəaliyyətə söykəndiyini bir daha göstərdi. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual iqtisadi məsələlər yer alır.
"Şuşa” bəyannaməsi Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrə "zəfər ruhu” qatdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük müharibədə Türkiyənin hərbi-siyasi dəstəyi Azərbaycanın qələbəsini sürətləndirdi, itkilərini azaltdı. Müharibə başa çatdı, indi isə əməkdaşlığın birgə istiqaməti iqtisadi zəfərlərə doğrudur.  
"Şuşa bəyannaməsi” Azərbaycanla Türkiyə arasında genişlənməsi gözlənilən iqtisadi əlaqələrə əslində "dəmir zireh” geyindirdi. Xüsusilə, Ermənistanın məğlubiyyətdən sonra da ziyanvericiliyindən əl çəkməyəcəyini düşünsək, belə bir bəyannamənin necə vaxtında və möhtəşəm şəkildə Şuşada imzalanmasının vacibliyi aydın olur. Tikmək, yaratmaq, sosial-iqtisadi infrastruktur yaratmaq əslində Azərbaycan kimi zəngin ölkə üçün çətin məsələ deyil, ancaq qurub-yaradılanları qorumaq, üstəlik bu işə dostları cəlb etmək  Zəfər uğurunu möhkəmləndirmək, onu əbədiləşdirmək missiyasıdır. 
 Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycan və Türkiyə iqtisadi qurumlarının rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə etmişdilər. Həmin görüşdə iqtisadçılar dövlət başçılarının tapşırığına əsasən, iki ölkə arasında ticarət həcmini 15 milyard dollara çatdırmaq yolları barədə fikir mübadiləsi aparıblar. Hazırda Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların həcmi müvafiq olaraq 12 milyard və 19,5 milyard dollara çatır. Türkiyə ilə Azərbaycan arasında Naxçıvan üzərindən bir dəhlizin açılması isə daha cəsarətli iqtisadi layihələrin reallaşmasına bünövrə olacaq. Üstəlik, Dağlıq Qarabağın bərpası çərçivəsində Türkiyə və Avropa ölkələri əməkdaşlıq Azərbaycanın "beynəlxalq maraq dairəsi səviyyəsində olan ölkə” statusunu yeniləyəcək. Türkiyəli iqtisadçıların dediyi kimi, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şuşada bölgə sakinlərinin həyat səviyyəsini yaxşılaşdırmaq "təkcə Azərbaycanın deyil, hamımızın borcudur”.

 

 

 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ