11:47
143

"Xaliq Faiqoğlu” 120 ədəd CNG avtobuslarını Bakıya gətirir

20 ilə yaxındır Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu” şirkəti Türkiyənin avtobus istehsalçılarından olan "Otokar Otomotiv ve Savunma Sanayi AŞ” ilə imzalanmış müqaviləyə əsasən 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının onlardan 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik qoşqulu nəqliyyat vasitələridir istehsal edilməsi və əvvəlcədən təyin edilmiş qrafik üzrə Bakıya gətirilməsi layihəsinin icrasını davam etdirir.

Şirkətdən İqtisadi.az-a verilən məlumata əsasən, bu günlərdə avtobusların ilkin hissəsi Bakı şəhərində "Xaliq Faiqoğlu” şirkətinə təhvil verilmişdir və nəqliyyat vasitələrinin Türkiyədən transfer işləri davam etdirilir.

Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda "Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir:

"Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edirik, yaxın günlərdə yeni müasir avtobuslarımız sərnişinlərimizin xidmətində olacaqdır. Həmçininə qeyd etmək istəyirəm ki, "Otokar”ın indiyədək qəbul etdiyi ən böyük sayda CNG növlü avtobus sifarişini edən "Xaliq Faiqoğlu” şirkəti əvvəlcədən bəyan etdiyi fəaliyyət proqramına uyğun olaraq avtobus parkını yeniləməkdədir. Təəssüf ki, mövcud COVID-19 pandemiyası layihələrimizin müəyyən qədər yubanmasına səbəb oldu".

Faiq Seyidov əlavə edib:
"Hazırda mülkiyyətimizdə 423 avtobus nəqliyyat vasitəsi vardır, və bundan sonrakı dövrlərdə də avtobus parkımızın yenilənməsi, fəaliyyətimizin müasir standartlara tam uyğunlaşdırılması, eləcə də həyata keçirəcəyimiz layihələrə xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ